QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, gecə yuxusunun davamlı şəkildə kifayət etməməsi damarların zədələnməsini sürətləndirə və infarktla insult ehtimalını artıra bilər. Bu barədə yuxu üzrə mütəxəssis, ali kateqoriyalı həkim İlya Smirnov açıqlama verib.

Smirnovun sözlərinə görə, uzunmüddətli yuxusuzluq ürək-damar xəstəlikləri üçün risk amillərindən biridir. Artıq çəkili şəxslərdə ağır keçə bilən obstruktiv yuxu apnesi isə daha ciddi təhlükə yaradır.

Həkim bildirib ki, apne zamanı tənəffüs yolları təkrar-təkrar daralır və bədəndə oksigen azlığı yaranır. Bunun ardınca stress hormonları ifraz olunur, damarlar spazm keçirir, qan təzyiqi isə kəskin dəyişə bilir. Güclü xoruldama və nəfəsin müəyyən müddətə dayanması bu vəziyyətin əsas göstəriciləridir.

Mütəxəssis gec saatlarda yatmağın, eləcə də yuxuya getmək üçün alkoqol qəbul etməyin zərərli olduğunu vurğulayıb. Onun qeyd etdiyinə görə, yatmazdan əvvəl içilən alkoqol yuxunun keyfiyyətini aşağı salır, xoruldama zamanı oksigen çatışmazlığını daha da artırır və ürək-damar sisteminə əlavə yük gətirir.