QafqazNews Manset.az-a istinadən xəbər verir ki, istehlak krediti üzrə zaminlər üçün borc yükünə yeni məhdudiyyət tətbiq olunub. Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı qərar noyabrın 10-da qüvvəyə minib.
Sənədə əsasən, zaminlik istehlak kreditinin təminatı olduqda zaminin borcunun gəlirinə nisbəti, yəni BGN əmsalı 70 faiz həddini aşmamalıdır. Başqa sözlə, həmin şəxsin aylıq borc ödənişləri gəlirinin 70 faizindən çox ola bilməz. Məsələn, aylıq gəliri 1 000 manat olan zaminin ödənişləri 700 manatı keçməməlidir. Bu şərtə uyğun gəlməyən şəxslər zamin ola bilməyəcəklər.
Yeni qayda noyabrın 10-dan sonra yaranan kredit tələblərinə tətbiq ediləcək.
Ümumi qaydaya görə, istehlak krediti BGN göstəricisi 70 faizdən yuxarı olmayan borcalana verilir. Bununla belə, müəyyən təminat hallarında istisnalar nəzərdə tutulub.
Manatla verilən istehlak kreditləri eyni bankda yerləşdirilmiş, borcalana və ya başqa şəxsə məxsus depozitlə təmin olunarsa, kreditin təminata nisbəti (KTN) 100 faizi aşmamalıdır. Digər birinci qrup təminatlarda bu hədd 90 faiz, banka saxlanc girovu kimi verilən qiymətli metallarda isə 70 faizdir; bank metalları sonuncu istisnaya daxil deyil.
Xarici valyutada istehlak krediti eyni bankdakı xarici valyuta depoziti və ya digər birinci qrup təminatla təmin edildikdə, KTN əmsalı 90 faizdən çox olmamalıdır.
Vergilər ödənildikdən sonrakı xalis gəlirin beş mislini aşan limitli istehlak krediti xətlərinin ümumi məbləği bankın tutulmalardan sonrakı I dərəcəli kapitalının 1 faizindən artıq ola bilməz.
Hesablama aparılarkən yuxarıda göstərilən təminatlarla təmin edilmiş kredit xətləri çıxılmaqla, borcalanın bütün kredit təşkilatları qarşısında olan öhdəlikləri nəzərə alınır.