QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakının Şamaxinka ərazisindəki yerüstü piyada keçidinin liftinin bir neçə aydır işləməməsi sakinlərin gündəlik hərəkətini çətinləşdirib. Vətəndaşlar problemin həlli üçün tədbir görülmədiyini bildirirlər.

Azərbaycan Avtoyolları Dövlət Agentliyinin (AAYDA) balansında olan lift sıradan çıxandan sonra təmir olunmayıb. Nəticədə, sakinlərin sözlərinə görə, hər gün minlərlə piyada, xüsusilə də həssas qrupların nümayəndələri çətinliklə üzləşir.

Liftin işləməməsi əlillər, uşaq arabası ilə hərəkət edən ailələr, yaşlılar və azyaşlılar üçün keçiddən istifadəni ağırlaşdırır. Əlil arabasındakı şəxslərin körpüdən keçməsi isə, demək olar, mümkün deyil. Onları pilləkənlərlə daşımaq həm çətin, həm də fiziki baxımdan təhlükəli vəziyyət yaradır.

Sakinlər keçiddəki liftlərin rahatlıq və təhlükəsizlik üçün nəzərdə tutulduğunu vurğulayırlar. Onların fikrincə, sosial əhəmiyyətli infrastrukturun işləməməsi insanların sərbəst hərəkətinə mane olur.

Vətəndaşlar AAYDA-dan liftin təmir edilərək yenidən istifadəyə verilməsini tələb edirlər. Onlar problemin qısa müddətdə aradan qaldırılmasını və keçiddən hər kəsin istifadə edə bilməsinin təmin olunmasını istəyirlər.