QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 8-də Azərbaycan Ordusunun hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Tədbirlər Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiqlədiyi 2026-cı il hazırlıq planına uyğun təşkil olunub.

Müdafiə Nazirliyinin məlumatına görə, hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları sıra meydanlarına gətirildikdən sonra mərasimlərə başlanılıb. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Dövlət Himni səsləndirilib.

Hərbi andı təntənəli şəkildə qəbul edən gənc əsgərlər Vətənə sədaqətlə xidmət edəcəklərinə söz veriblər. Mərasimlərin 8 Noyabr – Zəfər Günündə keçirilməsinin şəxsi heyət üçün xüsusi əhəmiyyət daşıdığı və həmin günü ikiqat bayrama çevirdiyi vurğulanıb.

Çıxış edən əsgər valideynləri övladlarının Vətən qarşısında ləyaqətlə xidmət etməsindən qürur duyduqlarını bildiriblər. Onlar yaradılan şəraitə görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.

Tədbirin davamında hərbi qulluqçular tribunaların önündən təntənəli marşla keçiblər. Mərasimlər şəxsi heyət üçün təşkil olunan andiçmə və Zəfər Gününə həsr edilmiş konsert proqramları ilə yekunlaşıb.