QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda inşa edilən məktəbin açılışını gələn il Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə keçirəcəklərini bildirib.
Ərdoğan bu fikirləri Şuşada İlham Əliyevlə birgə mətbuata bəyanatında səsləndirib. O, Ağdamda 14 min 500 kvadratmetr sahəsi olan 40 otaqlı məktəbin tikintisinə start verildiyini deyib.
“İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik”, – Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan, həmçinin Cəbrayılda yaradılan “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Ağıllı Tingçilik” müəssisəsindən danışıb. Onun sözlərinə görə, kənd təsərrüfatı və meşəçilik nazirliklərinin töhfəsi ilə qurulan müəssisə Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın yeni göstəricisidir.