QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ABŞ-ın siyasi sistemində böhran olduğunu bildirib və qızı Alisanın gələcəkdə ölkə prezidenti seçilə biləcəyini istisna etməyib.
Saakaşvili Facebook paylaşımında ABŞ-ın hazırkı siyasi elitasını karyerasının başlanğıcında tanış olduğu amerikalı qanunvericilərlə müqayisə edib. Onun qənaətinə görə, ABŞ siyasətçiləri şəxsi və partiya maraqlarını azadlıq və demokratiya prinsiplərindən üstün tutmağa başlayıblar.
Sabiq prezident ABŞ-ın dünya miqyasında demokratik dəyərlərin müdafiəçisi rolundan uzaqlaşdığını, Gürcüstan kimi kiçik ölkələrə də əvvəlki marağı göstərmədiyini vurğulayıb.
Saakaşvili 30 ildən artıq əvvəl Kolumbiya Universitetində oxumaq üçün ABŞ-a gəldiyini, sonradan isə Konqresdə təcrübə keçdiyini xatırladıb. Həmin dövrdə gələcək Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və yaxın dostu adlandırdığı senator Con Makkeynlə tanış olub.
Onun sözlərinə əsasən, Makkeyn gənc xarici təcrübəçiyə xüsusi münasibət göstərir, hərbi xidmət təcrübəsindən danışır və qanun layihələrinin hazırlanmasına onu da cəlb edirdi. Saakaşvili senatorlar Edvard Kennedi, Cozef Liberman və digər siyasətçilərlə görüşlərini də yada salaraq, onların ilk növbədə əqidələrinə uyğun davrandıqlarını qeyd edib.
Saakaşvili “Qızılgül inqilabı”ndan sonra ABŞ Konqresinin Gürcüstana fəal yardım etdiyini, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra isə amerikalı qanunvericilərin ölkəyə 1 milyard dollar ayrılmasını təsdiqlədiyini bildirib.
Prinsipial mövqeyə misal olaraq o, 2010-cu ildəki hadisəni göstərib. Həmin il Gürcüstan hakimiyyəti dövlət büdcəsindən saxta sənədlərlə 130 milyon dollar mənimsəməyə cəhddə şübhəli bilinən iki iş adamını saxlamışdı. Saakaşvilinin bildirdiyinə görə, onların azadlığa buraxılması üçün Tbilisiyə təzyiq edilib. Lakin senator Cozef Liberman İsrailin nüfuzlu şəxslərinin və yəhudi lobbisinin müraciətlərinə baxmayaraq, qanunsuz qərarın qəbuluna nail olmağa çalışmayıb.
“Bu, prinsipləri istənilən lobbiçilikdən, dini mənsubiyyətdən və maliyyələşmədən üstün tutan, həqiqətən də ləyaqətli senatorun mövqeyi idi”, – deyə Saakaşvili yazıb.
ABŞ-dakı indiki mənzərəni xeyli bədbin dəyərləndirən sabiq prezident bildirib ki, ölkə siyasətində Ronald Reyqan nəslinə mənsub respublikaçılar və Kennedi ailəsini təmsil edən demokratlar, demək olar, qalmayıb. Onun fikrincə, partiyaya sədaqət və maliyyə maraqları xarici siyasət prinsiplərini getdikcə arxa plana keçirir.
Saakaşvili yeni amerikalı qanunvericiləri də tənqid edib. O, siyasətçilərin mənşəyinin, dini etiqadının və ya cinsi orientasiyasının özlüyündə problem olmadığını deyib. Əsas məsələ, onun fikrincə, hansı dəyərləri rəhbər tutmaları və yalnız öz seçicilərinin maraqlarından kənara çıxan məsələləri müdafiə etməyə hazır olub-olmamalarıdır.
Paylaşımının sonunda Saakaşvili ABŞ vətəndaşı olan, siyasət və ədalət məsələlərinə maraq göstərən qızı Alisaya ümid bəslədiyini yazıb. “Onu senator olmağa hazırlayıram, kim bilir, bəlkə də prezidentliyə. Alice Saakashvili For President!” – deyə sabiq prezident qeyd edib.