QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Gürcüstanın aparıcı televiziya kanalları, xəbər agentlikləri və biznes nəşrləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərini geniş işıqlandırıb.

Media qurumları səfərin gedişi ilə bağlı operativ məlumatlar yayıb, Azərbaycan Prezidenti İlham Əliyevlə Ərdoğanın Şuşada keçirdiyi görüşə və səsləndirdikləri fikirlərə ayrıca materiallar həsr ediblər.

Gürcüstanın Birinci Kanalı 1TV noyabrın 8-də yayımladığı xəbərdə Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında qarşılanmasını, Şuşada təşkil olunan rəsmi mərasimi və səfərin 8 Noyabr – Zəfər Günü ilə eyni vaxta düşməsini qeyd edib.

Telekanal iki prezidentin birgə mətbuat konfransındakı çıxışlarını da ayrıca təqdim edib. Xəbərin başlığında Türkiyə Prezidentinin Azərbaycanın regionda uzunmüddətli sülhə nail olmaq səylərinə verdiyi dəstək vurğulanıb. Materialda İlham Əliyevin Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olması barədə fikirlərinə də yer ayrılıb.

Gürcüstanın nüfuzlu xəbər agentliklərindən “InterpressNews” da səfəri geniş şəkildə işıqlandırıb. Agentliyin məlumatında Ərdoğanın rəsmi səfəri, Şuşadakı qarşılanma mərasimi və iki dövlət başçısının mətbuata açıqlamaları əksini tapıb. Prezidentlərin Xocalı soyqırımı memorialını ziyarət etməsi də xəbərdə qeyd olunub.

Gürcüstan mediasının diqqəti səfər günü ilə məhdudlaşmayıb. 1TV noyabrın 5-də, səfərdən üç gün əvvəl, Ərdoğanın Azərbaycanla münasibətlər barədə açıqlamalarını ayrıca yayımlayıb. Başlıqda iki ölkənin əlaqələrinin adi diplomatik münasibətlərdən daha geniş olduğu və qardaşlığın qarşısında heç bir maneənin dayana bilməyəcəyi mesajı önə çəkilib.

“InterpressNews” da həmin açıqlamaya diqqət ayırıb. Agentlik noyabrın 5-də “Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın aşa bilməyəcəyi heç bir maneə yoxdur” fikrini başlıqda təqdim edib.

Gürcüstan nəşrlərinin materiallarında səfərin iki əsas məqamı seçilib: Azərbaycan və Türkiyə arasındakı strateji əlaqələr, eləcə də liderlərin birlik və həmrəylik çağırışları; münasibətlərin Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional proseslər baxımından əhəmiyyəti.

Səfər Gürcüstan mediasında təkcə protokol tədbiri kimi təqdim olunmayıb. Ərdoğanın səfər ərəfəsindəki açıqlamaları, Şuşada keçirilən rəsmi qarşılama, liderlərin görüşü və mətbuat konfransındakı çıxışları ardıcıl şəkildə işıqlandırılıb.

İlham Əliyevin fikirlərindən Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığı, iki ölkənin müharibə dövründəki həmrəyliyi və əlaqələrin gələcək inkişafı ilə bağlı mesajlar ön plana çıxıb. Ərdoğanın çıxışında isə Azərbaycanın regionda uzunmüddətli sülh yaratmaq təşəbbüslərinə dəstək, Qarabağın bərpası və Cənubi Qafqazda yeni mərhələnin başlanması ilə bağlı fikirlər diqqət çəkib.

Gürcüstan mediasının yanaşması göstərir ki, Azərbaycan-Türkiyə əlaqələri Tbilisinin gündəmində həm ikitərəfli münasibətlər, həm də Cənubi Qafqazdakı proseslər kontekstində izlənilir. Səfərin Zəfər Günü ilə eyni tarixə düşməsi, Şuşada baş tutması və prezidentlərin sülh və əməkdaşlıq barədə mesajları nəşrlərin materiallarında xüsusi yer alıb.