QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərədə ümumilikdə 15 yeni məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb. İdarənin bildirdiyinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və inkişafı üçün quruculuq işləri davam edir.
Açılışı keçirilən müəssisələr arasında Xocavənd şəhərinin 1 nömrəli bağçası, Qırmızıbazar qəsəbəsi, Sos və Quzeyxırman kəndlərindəki körpələr evi-uşaq bağçaları, Ağdam şəhərinin 1 nömrəli müəssisəsi, Sarıcalı və Kəngərli kəndlərinin bağçaları, eləcə də Xankəndi şəhərinin 2 nömrəli körpələr evi-uşaq bağçası var.
Yaxın günlərdə Xocalı rayonunun Təzəbinə, Daşbulaq və Şuşakənd kəndlərində, Xocavənd rayonunun Xanoba kəndində, həmçinin Ağdərə rayonunun Vəngli, Həsənriz və Aşağı Oratağ kəndlərindəki körpələr evi-uşaq bağçalarının açılması nəzərdə tutulur.
Qarabağ Regional Təhsil İdarəsi qeyd edib ki, yeni müəssisələrin açılması uşaqların məktəbəqədər təhsilə çıxışını genişləndirəcək və onların erkən yaşlardan təlim-tərbiyəyə cəlb olunmasına imkan yaradacaq.