QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi Litvada fəaliyyət göstərən iki təşkilatla əməkdaşlıq memorandumu imzalayıb. Sənədlər Çərkəz və Qaqauz xalqlarının milli kimliyi və hüquqlarının qorunmasına həsr olunan tədbir çərçivəsində imzalanıb. Tədbir Litva parlamenti Seymində keçirilib.

Memorandumlardan biri İşğal Olunmuş Xalqların Tədqiqi İnstitutunun direktoru Adas Jakubauskasla, digəri isə Çərkəz xalqının vətənə qayıtması uğrunda fəaliyyət göstərən Dünya Çərkəz Agentliyinin sədri Fatimat Kardanova İanonene ilə bağlanıb.

Razılaşmalar Avrasiya və Qafqaz xalqlarının tarixi irsinin, eləcə də həmrəyliyinin öyrənilməsinə dəstək verməyi nəzərdə tutur. Tərəflər beynəlxalq nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil etməyi və Litva da daxil olmaqla birgə konfranslar keçirməyi planlaşdırır. Əməkdaşlığın məqsədləri sırasında Qafqaz tarixinin obyektiv araşdırılması, xalqların kollektiv yaddaşının qorunması və mədəni dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması üçün tədqiqat, sənədli, nəşriyyat və humanitar layihələrin həyata keçirilməsi də var.

Birliyin açıqlamasında təşkilatın xalqların tarixini, mədəniyyətini və kimliyini araşdırmaq, unudulmuş həqiqətləri üzə çıxarmaq məqsədi daşıdığı bildirilib.

Məlumatda qeyd olunub ki, Litvanın xarici işlər naziri Kestutis Budris 2026-cı il noyabrın 25–26-da Azərbaycana rəsmi səfər edib. O, səfər zamanı Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin sədri Sahibə Qafarova və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Tərəflər Azərbaycan və Litva arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” də imzalayıblar.