QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Hesablama Palatası Azərbaycan Dövlət Neft Fondunun maliyyələşdirdiyi ali təhsil üzrə Dövlət Proqramında səmərəsiz xərclər aşkar edib. Söhbət “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gedir.

Palata 2020-2025-ci illəri əhatə edən dövrdə proqramın nəticələrini qiymətləndirmək üçün performans auditi keçirib. Yoxlama çərçivəsində bu istiqamətə ayrılan 117,9 milyon manat vəsait araşdırılıb.

Audit zamanı beynəlxalq ikili diplom və doktorantura proqramlarını tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğu müəyyən edilib. Həmçinin proqram iştirakçılarının, təlimlərə cəlb olunacaq yerli professor-müəllim heyətinin sayının və onların maliyyələşdirilməsinin proqnozlaşdırılması mexanizminin dəqiq olmadığı bildirilib.

Ali təhsil müəssisələrində iştirakçı sayının düzgün hesablanmaması, eləcə də yerli professor-müəllimlərin əməkhaqlarının ikiqat maliyyələşdirilməsi nəticəsində təhsil haqqı və təlim xərcləri adı ilə 4,6 milyon manatdan çox vəsait ödənilib.

İkili diplom proqramlarında tədrisin və tədris prosesinin yaxşılaşdırılması, yerli müəllimlərin bilik və peşə bacarıqlarının artırılması üçün müəyyən işlər görülsə də, bəzi xərc smetalarında bu tədbirlərə vəsait ayrılmayıb və ya məbləğ az göstərilib. Proqram çərçivəsində elmi tədqiqatlara və yerli universitetlərin maddi-texniki bazasının yenilənməsinə maliyyə ayrılmayıb. Bu səbəbdən tədqiqat fəaliyyəti inkişaf etməyib, tədrisdə innovativ üsulların tətbiqi və prosesin təkmilləşdirilməsi məhdudlaşıb.

Auditdə qeyd olunub ki, ikili diplom proqramlarını bitirənlərin beynəlxalq miqyasda yüksək ixtisaslı kadr kimi işlə təminatı yalnız fərdi bilik və bacarıqlardan deyil, həm də ixtisas üzrə fəaliyyət sahələrinin əlçatanlığından və iş yerlərinin mövcudluğundan asılıdır.

Doktorantura ixtisasları bəzi hallarda müvafiq normativ sənədlərin tələblərinə uyğun seçilməyib: əvvəlki ilin beynəlxalq reytinqlərində ilk 500 ali təhsil müəssisəsi sırasında olmayan universitetlərə üstünlük verilib. Doktorantların proqramlardan məmnunluq göstəricisi beş ballıq şkala ilə 3,5 bal olub, onların yalnız 18,4 faizi təhsilini tamamlayıb. Təhsilini yarımçıq qoyaraq xaric edilən doktorantların təhsilinə 1,5 milyon manatdan artıq vəsait xərclənib. Palata bu məbləği səmərəsiz xərc kimi qiymətləndirib.

Audit nəticələrinə əsasən, ikili diplom proqramları yerli ali təhsil müəssisələrinin reytinqinə nəzərəçarpan təsir göstərməyib, Dövlət Proqramının məqsədlərinə isə qismən nail olunub.

Kollegiya qərarında aşkarlanan nöqsanların aradan qaldırılması və zəruri tədbirlərin görülməsi nəzərdə tutulub. Artıq ödənilmiş 4,6 milyon manatdan çox təhsil haqqı və təlim xərcinin bərpası ilə bağlı Maliyyə, eləcə də Elm və Təhsil nazirliklərinə məlumat verilməsi qərara alınıb. Qəbul zamanı imtahan nəticələri ilə yanaşı dil sertifikatı kimi şərtlərin də yerinə yetirilməsini qiymətləndirmək üçün imkanların yaradılması, ödənişli qəbulun Elm və Təhsil Nazirliyi ilə birgə tənzimlənməsi məqsədilə Dövlət İmtahan Mərkəzinə müraciət olunacaq.