QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclisin növbəti plenar iclası dekabrın 1-də keçiriləcək. Toplantıda səkkiz məsələ müzakirəyə çıxarılacaq.

İclasın vaxtını parlamentin bugünkü toplantısında spiker Sahibə Qafarova açıqlayıb.

Gündəliyə 2027-ci ilin dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri ilə bağlı layihələr daxildir. Deputatlar həmçinin gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddinə dair qanun layihələrinə ikinci oxunuşda baxacaqlar.

Bundan başqa, bir sıra məcəllə və qanunlarda dəyişiklikləri nəzərdə tutan üç qanun layihəsi müzakirə ediləcək. Onlar mülki prosessual və miqrasiya məsələləri, əmək və sosial müdafiə, eləcə də ekologiya, vergi, gömrük və dövlət satınalmaları sahələrini əhatə edir. Hər üç layihə ikinci oxunuşa təqdim olunacaq.