QafqazNews Haber Global-a istinadən xəbər verir ki, İranda başörtüsü taxmadan konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadi və konsert komandasında olan dörd şəxsə verilən 74 qamçı cəzası 23 noyabr 2026-cı il tarixində icra olunub.
Emtedad xəbər saytının istinad etdiyi vəkil Mostafa Niliyə görə, Ahmadi ilə birlikdə səhnədə olan hər bir üzvə ayrı-ayrılıqda 74 qamçı cəzası tətbiq edilib.
Ahmadi 2024-cü ilin dekabrında Kum yaxınlığındakı tarixi Deyr-i Geçin Kervansarayında kişilərdən ibarət musiqiçi qrupu ilə çıxış edib. O, başörtüsü taxmadan və qara, qolsuz paltar geyinərək ifa etmiş, performans sosial şəbəkələrdə milyonlarla dəfə izlənmişdi.
Görüntülərin geniş yayılmasından sonra İran məhkəmələri sənətçi və komandasına qarşı istintaq başladıb. 2026-cı ilin iyununda məhkəmə qərarı verilmiş, sentyabrda isə apellyasiya məhkəməsi həmin qərarı təsdiqləmişdi.
Məhkəmə Ahmadini ümumi əxlaqa zidd məzmun yaratmaq və bunu internetdə yaymaq ittihamı ilə cinayətkar hesab edib. Ona tətbiq olunan qamçı cəzasına əlavə olaraq iki il müddətinə musiqi və sənət fəaliyyəti ilə məşğul olmaq və ölkəni tərk etmək qadağan edilib.
Birləşmiş Millətlər İnsan Hüquqları Komissarı Volker Türk 24 noyabrda yaydığı bəyanatda qamçı cəzasının işgəncə kimi qiymətləndirildiyini və beynəlxalq qanunvericiliklə qadağan edildiyini bildirib. O, İran hakimiyyətindən digər qamçı cəzalarının icrasını dayandırmağı və bu cəzalandırma praktikasını qanunlarından tamamilə çıxarmağı tələb edib.
ABŞ-ın Birləşmiş Millətlərdəki daimi nümayəndəsi Mike Waltz isə qərarı Orta əsr vəhşiliyi adlandıraraq tənqid edib.