QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməliyyat-istintaq idarəsinin əməkdaşları sərhədi qanunsuz keçmək və ölkəyə külli miqdarda narkotik gətirməkdə ittiham olunan iki nəfəri saxlayıblar.

İlkin məlumata görə, şəxslər Azərbaycan-Gürcüstan sərhədini “Qırmızı Körpü” sektorunun “Vaxtangisi” mühafizə olunan sahəsində qanunsuz keçiblər. Saxlanılanlardan birinin üzərinə baxış zamanı tebain (tiryək alkaloidi) olan polietilen torba aşkarlanıb və maddi sübut kimi götürülüb.

Rəsmi açıqlamada saxlanılanların adları və vətəndaşlıqları açıqlanmayıb.

İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə qrup halında sərhədi qanunsuz keçmə, 260-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə edib saxlama, eləcə də 262-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə külli miqdarda narkotiki ölkəyə qanunsuz gətirmə ittihamları araşdırılır.

İttihamlar təsdiqlənərsə, saxlanılanları 12 ilədək həbs cəzası gözləyə bilər.