QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, İsrailin “Israel Hayom” qəzeti anonim İsrailli və ABŞ-li yüksək vəzifəli şəxslərin məlumatına əsasən, İranın ABŞ Prezidenti Donald Trampı pilotsuz uçuş aparatları ilə hədəfə almağı planlaşdırdığı barədə xəbər yayıb.

Nəşrin məlumatına görə, İsrailin kəşfiyyat xidməti “Mossad” mümkün hücumla bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) məlumat ötürüb. İddiaya görə, daha bir Qərb kəşfiyyat qurumu da bu informasiyanı təsdiqləyib.

Rəsmilər ABŞ-la İran arasında razılaşma əldə edilməsi ehtimalının son günlərdə aşağı düşdüyünü bildiriblər. Bunun səbəblərindən biri kimi “Mossad”ın CIA-ya çatdırdığı kəşfiyyat məlumatları göstərilir. Həmin məlumatlarda partlayıcılarla təchiz edilmiş PUA-lar vasitəsilə hücum ehtimalından bəhs olunur.

Qəzet yazır ki, xəbərdarlıqdan sonra təhlükə altında olduğu güman edilən ABŞ rəsmiləri açıq havada keçirilən tədbirlərə daha az qatılmağa başlayıblar. Onların bir qismi isə müvəqqəti olaraq mühafizə olunan obyektlərdə yerləşdirilib.

Donald Trampın ictimai tədbirlərində təhlükəsizliyin əlavə gücləndirildiyi və pilotsuz uçuş aparatlarından qaynaqlanan təhdidlərə qarşı xüsusi sistemlərin tətbiq edildiyi bildirilir.

Məlumatda ABŞ maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin təhlükəsizlik səbəbi ilə hərbi bazaya köçürüldüyü də iddia olunur.