QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi “Kazatomprom” ASC-nin İdarə Heyətinin üzvü Kuanış Omarbekovun saxlanıldığını açıqlayıb.
Qazaxıstan mediasının yaydığı məlumata görə, Omarbekov şirkətdə istehsalat üzrə baş direktor vəzifəsində çalışıb. O və başqa şəxslər müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər. Onların “Samruk-Kazına”nın əvvəlki rəhbərliyinin yaratdığı korrupsiya sxemində iştirak etdikləri ehtimal olunur.
“Kazatomprom” İdarə Heyətinin bəzi üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyini də bəyan edib. Şirkətin açıqladığı siyahıda Kuanış Omarbekovla yanaşı, kommersiya üzrə baş direktor və İdarə Heyətinin üzvü Vladislav Bayqujinin adı göstərilib.
Noyabrın 12-də “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları” şirkətlərinin rəhbərləri Nurlan Jakupov və Yeljas Otenşiyev saxlanılmışdı. Daha sonra Qazaxıstan məhkəməsi onların həbsinə qərar verib.