QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyeva 25 Noyabr – Kəlbəcər Şəhəri Günü ilə bağlı açıqlamasında rayonun keçdiyi tarixi yolu və hazırkı inkişaf mərhələsini dəyərləndirib.
O, Kəlbəcərin qədim Azərbaycan torpağı olduğunu vurğulayaraq, şəhərin işğaldan azad edilməsini ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm hadisə və xalqın yaddaşında xüsusi yeri olan tarix kimi xarakterizə edib.
Deputatın sözlərinə görə, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. Həmin vaxt dinc sakinlər doğma yurdlarından çıxmağa məcbur qalıb, minlərlə insan ağır sınaqlarla üzləşib. Əhali sərt hava, təhlükəli keçidlər və çətin dağ yolları ilə bölgəni tərk edərkən evlərini, təsərrüfatlarını və əcdadlarının məzarlarını geridə qoyub.
İşğal dövründə yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, tarixi abidələr və digər sosial obyektlər dağıdılıb. Bu, rayonun iqtisadi və mədəni imkanlarına ciddi zərər vurub.
Vəliyeva bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayıb və 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqların böyük hissəsi azad edilib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq və peşəkarlıq 27 illik həsrətə son qoyub.
Hərbi uğurlardan sonra Ermənistanın siyasi və hərbi rəhbərliyi 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatı imzalayıb. Sənəd Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Noyabrın 25-də Kəlbəcər rayonu, o cümlədən şəhər Azərbaycanın nəzarətinə keçib. Deputat bu nəticəni dövlətin siyasi iradəsi, diplomatik səyləri və hərbi gücünün təzahürü adlandırıb.
Kəlbəcər Şəhəri Gününün rəsmi qeyd olunması Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla təsbit edilib. Sənədə əsasən, bayram hər il noyabrın 25-də qeyd olunur.
Deputat qeyd edib ki, bu tarix Vətən müharibəsində şəhid olanların xatirəsini anmaq, qazilərin fədakarlığını qiymətləndirmək və müharibə iştirakçılarının şücaətini tanıtmaq baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, Zəfərin arxasında hərbçilərin qəhrəmanlığı, şəhidlərin canı və qazilərin sağlamlığı dayanır.
Vəliyeva hazırda rayonda bərpa və yenidənqurma işlərinin, infrastruktur layihələrinin həyata keçirildiyini bildirib. Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcərin müasir şəhərsalma prinsipləri ilə qurulması, sakinlərin rahat yaşayışı üçün şərait yaradılması, iqtisadi imkanların bərpası və sosial infrastrukturun inkişafı nəzərdə tutulur. Şəhərdə yaşayış binaları, inzibati obyektlər, yollar, kommunikasiya xətləri və sosial müəssisələr tikilir və bərpa olunur.
Deputatın açıqlamasına görə, keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışı 2025-ci il avqustun 20-də başlayıb. Bu proses uzun illər yurd həsrəti çəkən ailələrin doğma torpaqlarına dönməsi ilə yanaşı, şəhər həyatında yeni mərhələnin başlanması deməkdir.
Kəlbəcərin dağlıq relyefi, təmiz havası, mineral suları, meşələri və mənzərələri ekoturizm, sağlamlıq, dağ və kənd turizminin inkişafına imkan yaradır. Vəliyeva xüsusilə İstisu mineral bulaqlarının rayonun qiymətli sərvətlərindən olduğunu vurğulayıb. Burada müasir turizm və sağlamlıq infrastrukturu qurulmasını bölgənin iqtisadi potensialı üçün vacib istiqamət kimi qeyd edib.
O, Kəlbəcərin qədim yaşayış məskənləri, dini-memarlıq nümunələri, tarixi abidələri və arxeoloji irsi ilə Azərbaycanın mədəni tarixində mühüm yer tutduğunu da bildirib. Qədim alban məbədlərinin və başqa tarixi nümunələrin qorunması, mənsubiyyətinin elmi araşdırılması Azərbaycan tarixinin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyətlidir.
Vəliyeva Kəlbəcər Şəhəri Gününün gənclərin vətənə sevgi və dövlətə sədaqət ruhunda yetişməsinə töhfə verdiyini deyib. O, Kəlbəcərin azad edilməsini yalnız hərbi qələbə deyil, milli iradənin, dövlət gücünün və tarixi ədalətə inamın ifadəsi kimi dəyərləndirib.
Deputatın fikrincə, yaxın gələcəkdə Kəlbəcər müasir infrastrukturu, turizm və iqtisadi imkanları ilə ölkənin inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Yenidən qurulan evlər, məktəblər, yollar və müəssisələr dövlətin gücünü, xalqın quruculuq əzmini nümayiş etdirəcək.