Noyabr ayında hava şəraiti əsasən iqlim normasına yaxın olacaq, ancaq bəzi bölgələrdə bu norma bir qədər də isti keçə bilər. Yeni Sabah-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin açıqlamasında noyabr ayına dair aylıq proqnoz belə deyilir.

Ay boyunca atmosfer sirkulyasiyasının dəyişməsi nəticəsində tutqun və buludlu günlərin sayı artacaq. Soğuq hava masslarının ölkə ərazisinə tez-tez daxil olması temperaturda müəyyən enmələrə səbəb olacaq.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 10-13 dərəcə isti, gecələr 10-15, gündüzlər 16-21 dərəcə isti olacağı gözlənilir. Yağıntının miqdarı isə əsasən normaya yaxın olacaq, bəzi rayonlarda isə bir qədər çox ola bilər.

Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq temperatur 7-9 dərəcə isti, gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər isə 14-19 dərəcə isti olacaq.

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperatur 5-9 dərəcə isti, gecələr 3-8 dərəcə isti, bəzi günlər 0-5 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti təşkil edəcək. Gün ərzində bəzi günlərdə gündüz temperaturu 1-5 dərəcəyə qədər enə bilər.

Şərqi Zəngəzur iqtisadi rayonunda (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) orta aylıq temperatur 6-9 dərəcə isti, gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə şaxta, gündüzlər isə 11-16 dərəcə isti olacaq.

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər və Füzuli rayonlarında orta aylıq temperatur 8-11 dərəcə isti, gecələr 7-12, gündüzlər 15-20 dərəcə isti olacaq.

Ölkənin şimal və şimal-qərb bölgələrində (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar) orta aylıq temperatur 6-9 dərəcə isti gözlənilir. Dağlıq ərazilərdə gecələr bəzi günlər 5-10 dərəcə şaxta, gündüzlər isə 0-3 dərəcə şaxta səviyyəsinə düşə bilər.

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada orta aylıq temperaturu 10-12 dərəcə isti, gecələr 9-14, gündüzlər 16-21, bəzi günlərdə isə 24 dərəcəyədək yüksələ biləcəyi proqnozlaşdırılır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında orta aylıq temperatur 7-12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecələr bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər isə 6-11 dərəcə isti olacaq.

Xidmətin açıqlamasına görə noyabr ayı ərzində aylıq yağıntılar ölkə üzrə əsasən iqlim normasına yaxın olacaq. Lakin Bakı və Abşeron, Naxçıvan, Qazax-Gəncə, Şimal və Mərkəzi Aran, habelə cənub bölgəsinin bəzi ərazilərində yağıntı normadan bir qədər çox ola bilər.