Siqnaxi şəhərində baş tutan 11-ci iclas çərçivəsində Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti addımları qeyd olundu. Oktyabrın 30-da keçirilən mərasimdə ikitərəfli sənədlərin imzalanması prosesi baş tutdu. Demokrat.az xəbər verir ki, məlumatı Nazirlər Kabineti yayıb.

Məlumata görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın maliyyə nazirinin müavini, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mamuka Barataşvili “İpək Yolu - Abreşumis Qza” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktik fəaliyyətinə dair Azərbaycan Hökuməti ilə Gürcüstan Hökuməti arasında Protokolu imzalayıblar.

Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını imzalayıblar.