Siqnaxi şəhərində keçirilən 11-ci iclas çərçivəsində Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti davam etdirilib və ikitərəfli sənədlərin imzalanması mərasimi baş tutub. Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov ilə Gürcüstanın maliyyə nazirinin müavini, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mamuka Barataşvili “İpək Yolu - Abreşumis Qza” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktik fəaliyyətinə dair Protokol imzalayıblar. Sənəd şəffaf sərhəd keçidlərinin artırılması və ticarət axınının sürətlənməsi məqsədilə qarşılıqlı müvafiq öhdəlikləri müəyyən edir.
Bundan əlavə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları da imzalanıb. Bu addımlar təhlükəsizlik və keyfiyyət standartlarının yüksəldilməsi, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətində vaxt itkisinin azalması kimi nəticələrə yönəlib.