QafqazNews Manset.az-a istinadən xəbər verir ki, səhərlər gümrah olmaq üçün qəhvəyə üstünlük verənlər çox olsa da, qara çay da enerji səviyyəsini yüksəltməyə kömək edə bilər. Bu içkilərin əsas fərqi kofeinin orqanizmə təsir sürəti və müddətindədir.

Diyetoloq-nutritionist Orlan Fanyoninin bildirdiyinə görə, bir fincan filtr qəhvədə 80-120 milliqram, eyni həcmdə qara çayda isə 60-70 milliqram kofein var. Bu fərq qəhvənin daha sürətli və güclü təsir göstərməsinə səbəb olur.

Qəhvədə taninlərin az olması kofeinin qana tez keçməsinə şərait yaradır. Buna görə insan qısa müddətdə enerjili ola bilər. Ancaq sonradan yorğunluq, aclıq və diqqətin zəifləməsi mümkündür.

Qara çayın tərkibində olan taninlər kofeinin mənimsənilməsini ləngidir. Nəticədə stimullaşdırıcı təsir nisbətən zəif, lakin daha uzunmüddətli olur və enerjinin qəfil düşməsi ehtimalı azalır.

Mütəxəssis qara çayın dəmirin orqanizmə sorulmasını çətinləşdirə biləcəyini də qeyd edir. Bu səbəbdən qanazlığı olanlar, hamilə qadınlar və menstruasiya zamanı çox qan itirənlər çay qəbul edərkən ehtiyatlı davranmalıdırlar.

Qəhvəni qara çayla əvəz etmək istəyənlərə keçidi mərhələli etmək məsləhət görülür: səhər ilk fincan qəhvə saxlanıla, günün ikinci yarısında isə çay seçilə bilər. Yuxuya mənfi təsir riskini azaltmaq üçün saat 16:00-17:00-dan sonra kofeinsiz içkilər içmək tövsiyə olunur.

Mütəxəssisin fikrincə, sürətli ayıqlıq və enerji üçün qəhvə, daha mülayim və uzun sürən stimullaşdırıcı təsir üçün isə qara çay uyğundur. Hansının seçilməsi insanın sağlamlıq durumuna və fərdi xüsusiyyətlərinə bağlıdır.