QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun inşasına dair sazişi təsdiqləyib. Layihədə Rusiyanın iştirakını nəzərdə tutan sənəd ötən həftə təsdiq olunub, xəttin qalan 37 kilometrlik torpaq sahələri isə Rusiya şirkətinə təhvil verilib.
Bu barədə İranın Nəqliyyat İnfrastrukturunun Tikintisi və İnkişafı Şirkətinin baş direktoru, yol və şəhərsalma nazirinin müavini Huşəng Bazvənd məlumat verib. O bildirib ki, sazişin təsdiqindən sonra layihənin icrası daha sürətlə davam etdiriləcək.
Bazvəndin sözlərinə görə, zəruri tədqiqat və ərazi araşdırmalarının aparılması üçün layihənin 162 kilometrlik marşrutunun hamısı təhvil verilib.
Rəsmisi Şimal-Cənub dəhlizinin əhəmiyyətini vurğulayaraq, dəmir yolunun tikintisinin sürətləndirilməsinin prezidentin və yol və şəhərsalma nazirinin xüsusi diqqətində olduğunu qeyd edib. O, məqsədə çatmaq üçün layihədə mövcud imkanlardan və potensialdan tam istifadə edilməsinin vacibliyini bildirib.