QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Türkiyənin İzmir vilayətinin Əliağa rayonundakı dəmir-polad zavodunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Ankarada Nazirlər Kabinetinin iclası başa çatdıqdan sonra xalqa müraciətində məlumat verib. O bildirib ki, hadisədə 13 nəfər xəsarət alıb, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Ərdoğanın sözlərinə görə, partlayışın səbəblərini müəyyənləşdirmək məqsədilə araşdırma aparılır. Prezident bildirib: “Ölkəmizi dərindən kədərləndirən bu faciənin səbəbləri və başvermə şəraiti, eləcə də hadisədə təqsiri və məsuliyyəti olan şəxslər müəyyən ediləcək”.

Partlayışdan sonra zavod ərazisində yanğın başlayıb. Hadisə yerinə axtarış-xilasetmə və yanğınsöndürmə qrupları göndərilib.

İlkin açıqlamalarda 3 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi. Sonrakı məlumatlarda ölüm sayı əvvəl 6, daha sonra isə 10 nəfər göstərilmişdi. Hazırkı məlumata görə, partlayış 16 nəfərin həyatına son qoyub.