QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın Gümrü şəhərində Ukrayna vətəndaşına qarşı zorakılıqda şübhəli bilinən iki Rusiya hərbçisi saxlanılıb.

Zərərçəkmiş Dmitri Samuelenko hüquq-mühafizə orqanlarına müraciət edərək Ani rayonunda iki rusiyalı hərbçinin onu döydüyünü bildirib. Hadisənin təxminən bir ay əvvəl baş verdiyi qeyd edilir.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, bir qrup şəxsin fiziki zorakılıq tətbiq etməsi faktı üzrə cinayət işi açılıb. Həmçinin məhkəmə-tibbi ekspertizası təyin olunub.

Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən iki nəfər yüngül bədən xəsarəti yetirməkdə ittiham edilərək həbs olunub. Onlar hazırda Ermənistanın penitensiar müəssisəsində saxlanılırlar.

Münaqişənin hansı səbəbdən baş verdiyi, eləcə də hərbçilərin Ukrayna vətəndaşını niyə döydüyü barədə məlumat yoxdur.