QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ABŞ-ın Yuta ştatında 17 yaşlı Kayli Arellano təxminən 500 gün saxlanıldığı evdən xilas edilib. Onun azadlığa çıxmasına özünün heç vaxt görüşmədiyi onlayn oyun iştirakçısı yardım göstərib.

Kayli 15 yaşında olarkən itkin düşüb. İddialara görə, 39 yaşlı Adam Hanter Harmel onu qaçıraraq Oreqon ştatında yerləşən evin zirzəmisində saxlayıb.

Qızı girov saxlayan şəxsə məxsus mobil telefonda SIM-kart və mobil şəbəkə bağlantısı olmayıb. Bununla belə, Kayli cihazın Wi-Fi vasitəsilə internetə qoşula bildiyini anlayıb və bu imkandan kömək çağırmaq üçün yararlanıb.

O, Among Us adlı onlayn oyuna daxil olaraq orada tanış olduğu iştirakçı ilə yazışmağa başlayıb. Bir müddət sonra başına gələnləri danışaraq həmin şəxsdən kömək istəyib.

Qızın dediklərini ciddi qəbul edən oyunçunun anası dərhal Federal Təhqiqatlar Bürosuna (FBI) xəbər verib. Hüquq-mühafizə orqanları araşdırmaya başlayaraq Kaylinin saxlanıldığı ünvanı müəyyənləşdirib. Keçirilən əməliyyatla yeniyetmə azad edilib.

Kayli xilas olunarkən onun qaçırılmasında şübhəli bilinən şəxs də tutulub. Beləliklə, təxminən 500 gün sürən əsirlik sona çatıb.