QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Fransa hökuməti bahalaşan yaşayış xərclərinə qarşı keçirilən etirazlardan sonra minimum əməkhaqqını artırmaq qərarına gəlib. Bu barədə ölkənin Baş naziri Sebastyan Lekornyu məlumat verib.

Həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndələri ilə müzakirələrdən sonra tam iş günü çalışanlar üçün aylıq minimum əməkhaqqının dekabrın 1-dən 1,6 faiz yüksəldilməsi razılaşdırılıb. Artımdan sonra məbləğ 1 502 avro (2 860 manat) olacaq.

Lekornyunun bildirdiyinə görə, bu, son 20 ildə qeydə alınmış ikinci ən böyük artımdır.

Radikal solçu CGT həmkarlar ittifaqının rəhbəri Sofi Bine artımın yetərli olmadığını söyləyib. O, noyabrın 17-də yeni tətil keçirilməsinə çağıraraq əməkhaqlarının 10 faiz artırılmasını tələb edib.

Biznes birlikləri isə qərara etiraz ediblər. Onların qənaətincə, minimum əməkhaqqının artırılması məşğulluğa mənfi təsir göstərə bilər.