QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, valideynlərlə müntəzəm kitab oxuyan uşaqlarda dil bacarıqları və sosial-emosional göstəricilər daha yüksək ola bilər. Çinli tədqiqatçıların araşdırması bu fəaliyyətin erkən yaşlarda inkişafla əlaqəsini üzə çıxarıb.
Tədqiqatın nəticələri “Computers in Human Behavior” elmi jurnalında yayımlanıb. Şifeng Linin rəhbərlik etdiyi Şimal-Qərb Pedaqoji Universitetinin qrupu 3-6 yaşlı 202 uşağı araşdırmaya cəlb edib.
Valideynlərdən uşaqların gün ərzində ekranlardan istifadə, böyüklərlə kitab oxuma və oyun üçün ayırdıqları vaxtı qeyd etmək istənilib. Ekran istifadəsi təhsil və əyləncə məzmununa, həmçinin uşağın cihazdan özü və ya valideyninin iştirakı ilə yararlanmasına görə təsnif edilib.
Nəticələrə əsasən, valideynlərlə birgə mütaliəyə daha çox vaxt sərf edən uşaqların dil və sosial-emosional göstəriciləri yüksək olub. Ümumi ekran vaxtının çoxalması isə həmin göstəricilərin azalması ilə əlaqələndirilib.
Araşdırmanın müəllifləri bildiriblər ki, uşaqların gündəlik vaxtı məhduddur və bir məşğuliyyətə daha çox vaxt ayrılması digər fəaliyyətlərə sərf olunan vaxtı azalda bilər. Ekran istifadəsi bəzən kitab oxumağı, oyunu və valideynlərlə canlı ünsiyyəti əvəz edir.
Araşdırma valideynlərin uşaqları ilə birlikdə mütaliəyə vaxt ayırmasının onların erkən inkişafına müsbət təsir göstərə biləcəyinə işarə edir.