QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Hindistanın Aqra şəhərində yerləşən Tac-Mahal abidəsi ərazidə yüzlərlə meymunun görünməsi ilə diqqət çəkib.

Britaniyanın “The Independent” qəzetinin yazdığına görə, abidənin şərq, qərb və Kral qapıları yaxınlığında böyük meymun dəstələrinin toplandığını göstərən videolar sosial şəbəkələrdə geniş yayılıb. Cümə axşamı paylaşılan kadrlarda heyvanların ziyarətçilərin hərəkət etdiyi giriş-çıxış sahələrində sərbəst gəzdiyi görünür. Sosial şəbəkə istifadəçiləri ətrafda yüzlərlə meymunun olduğunu bildiriblər.

Meymunlarla bağlı təhlükə real xəsarətlərlə də nəticələnib. İyulun sonundan indiyədək heyvanların hücumu zamanı ən azı 7 turist dişlənərək yaralanıb.

Sentyabrda hücuma məruz qalan iki ziyarətçi xəstəxanaya aparılıb. Onlardan biri 83 yaşlı braziliyalı turist olub.

İyul ayında Cənubi Koreyadan olan qadın turist Tac-Mahalın şərq qapısı yaxınlığında meymunun əlini dişləməsi nəticəsində xəsarət alıb. Hadisə barədə aidiyyəti qurumlara məlumat verildikdən sonra təcili tibbi yardım maşınının təxminən bir saat sonra çatdığı qeyd olunub.