QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Zəngəzur dəhlizi ilə bağlı Tehranda səslənən fikirləri tənqid edib. O bildirib ki, Azərbaycanın işğal altındakı ərazilərini azad etməsindən sonra layihənin gündəmə gəlməsi İranda bəzi şəxslərin narahatlığına səbəb olub.
Süleymaninin sözlərinə görə, İranda müəyyən dairələr ictimaiyyəti yanlış məlumatlandırıb, əsassız proqnozlarla Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. O, 2020-ci ildən bəzi şəxslərin Azərbaycanın Ermənistana hücum edərək dəhlizi açacağını iddia etdiyini xatırladıb.
Keçmiş səfir deyib ki, həmin vaxt Azərbaycanın belə niyyətinin olmadığını və məsələnin danışıqlar, razılaşma yolu ilə həll ediləcəyini bildirsə də, bu fikirlər qəbul olunmayıb. Onun sözlərinə görə, 2025-ci ildə ABŞ-də Azərbaycanla Ermənistan arasında razılıq əldə edildikdən sonra dəhlizin açılması üçün tikinti işlərinə başlanıb və layihə həyata keçirilir.
Süleymani vurğulayıb ki, dəhlizin Ermənistanın razılığı ilə, onun ərazisində açılacağı bildirilsə də, buna qarşı çıxanlar Azərbaycanı hədəfə alıb və təhdidlər səsləndiriblər. O, Ermənistanı İranın dostu və strateji müttəfiqi adlandıran həmin şəxslərin layihənin Ermənistanın maraqlarına uyğun olmadığını iddia etdiklərini də qeyd edib.
Diplomat bəzi dairələrin təhdid xarakterli bəyanatları davam etdirməklə yeni yanlışlıqlara yol verdiyini bildirib. Onun fikrincə, hər bir dövlətin geoiqtisadi və geosiyasi maraqları mövcuddur, bu maraqlara uyğun layihələrin gerçəkləşməsi isə qaçılmazdır.
Süleymani Rusiyanın dəhlizin açılmasına qarşı olduğu barədə iddianı da səhv adlandırıb. O qeyd edib ki, Ukraynadakı müharibə səbəbindən şimaldan və qərbdən blokadada qalan Rusiya layihənin həyata keçirilməsində maraqlıdır.
Keçmiş səfir ABŞ-nin bölgədə hərbi qüvvə toplamaq niyyətində olması barədə fikirləri də əsassız sayıb. Süleymaninin sözlərinə görə, ABŞ Körfəz bölgəsində kifayət qədər qüvvə yerləşdirib və İrana zərbələr endirib; buna görə də əlavə qüvvənin həmin əraziyə göndərilməsinin səbəbi yoxdur.