QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Təl-Əvivin şimalında yerləşən yaşayış binalarının poçt qutularında QR kodlu təhdid vərəqələri aşkarlanıb. Hadisədən sonra İsrail Polisi və daxili kəşfiyyat qurumu Şin Bet birgə geniş araşdırmaya başlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərin müxtəlif ünvanlarından vərəqələri götürərək sübut kimi toplayıblar.

Təhlükəsizlik rəsmilərinin məlumatına görə, QR kodlar istifadəçiləri İranla əlaqəsi olan haker qrupunun xüsusi internet səhifəsinə yönləndirir. Bildirilir ki, həmin kibercasusluq qrupu daha əvvəl İsrail rəsmilərinin şəxsi cihazlarından məxfi məlumatların sızdırılması əməliyyatlarında iştirak edib.

İvrit dilində yayımlanan səhifədə İsrail ictimaiyyətinə sərt xəbərdarlıq ünvanlanıb: “Əgər liderləriniz bir daha müqavimət cəbhəsinin enerji infrastrukturuna hücum edərək axmaqcasına hərəkət etsələr, bu təcavüzə görə ağır bədəl ödəməyə hazır olmalısınız. O gün gələndə işğal olunmuş ərazilərdə heç bir elektrik stansiyası, neft emalı zavodu və ya dəniz suyunu duzsuzlaşdırma zavodu qalmayacaq. Cənubdan şimala enerji və su arteriyalarınız şüşə kimi sınacaq. Bu, son xəbərdarlıqdır. Seçim sizindir: ya sağlam düşüncə ilə hərəkət edəcəksiniz, ya da fəlakətin gətirdiyi qaranlığa və sükuta qərq olacaqsınız”.

Hadisədən sonra kiber və fiziki təhlükəsizlik tədbirləri gücləndirilib. Vərəqələri yayan şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri davam edir.