QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Lüksemburqda Azərbaycanın Zəfər Günü mədəni tədbirlər və informasiya kampaniyası ilə qeyd olunub. Proqram Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Lüksemburq Dostluq Assosiasiyası (LuxAz) tərəfindən təşkil edilib.
Kampaniya zamanı ölkənin biznes mərkəzlərində və ofis binalarında yerləşən 91 rəqəmsal ekranda Zəfər Gününə həsr olunmuş videoçarxlar yayımlanıb.
Paytaxt Lüksemburqda baş tutan tədbirdə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin Azərbaycan mədəni irsinin xarici ölkələrdə tanıdılmasının önəmi vurğulanıb.
Mədəni proqram çərçivəsində pianoçu Mədinə Axundova Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Gitara ifaçısı Vasif Cavadlı isə “Sarı gəlin”, “Vətən yaxşıdır” və “Həsrətindən” kompozisiyalarını ifa edib.
Tədbir iştirakçıları Vətən müharibəsi veteranı Amin Musayevlə onlayn söhbətə qatılıb, “Torpağı sanı yaşayasan” filmini izləyib və Azərbaycanın, Qarabağın, eləcə də Şuşanın tarixi ilə bağlı viktorinada iştirak ediblər.