QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Brüs Uillisin frontotemporal demensiya ilə mübarizəsi fonunda səhhətinin pisləşdiyi və ünsiyyət qurmaqda ciddi çətinlik çəkdiyi bildirilir. 71 yaşlı aktyorun zehni vəziyyətinin də getdikcə ağırlaşdığı qeyd olunur.
“Die Hard” və “The Sixth Sense” filmləri ilə tanınan Uillis 2022-ci ildə afaziya diaqnozu aldıqdan sonra aktyorluq fəaliyyətini dayandırıb. Daha sonra ailəsi aktyora frontotemporal demensiya diaqnozu qoyulduğunu açıqlayıb.
Xəstəliyin irəliləməsi ilə əlaqədar Uillisin ailə evinin yaxınlığındakı xüsusi, bir mərtəbəli evə köçürüldüyü və gecə-gündüz peşəkar qulluq aldığı bildirilir. Məlumata görə, tibbi sığorta bu xərcləri demək olar ki, ödəmir, aylıq qulluq haqqı isə 30 min ABŞ dollarını ötür. Aktyorun təqribən 250 milyon dollarlıq sərvəti bahalı müalicə və qulluq prosesinin maliyyələşdirilməsində mühüm rol oynayır.
Həyat yoldaşı Emma Heminq Uillisin rəhbərliyi altında davam edən bu prosesdə aktyora ən çox rahatlıq verən məşğuliyyətlər dondurma yemək, musiqiyə qulaq asmaq və avtomobillə gəzintiyə çıxmaqdır.
Mənbələr aktyorun vəziyyətini belə təsvir ediblər: “O, həyatının əvvəlki kimi olmadığını hiss edir, lakin vəziyyətin tam olaraq nə qədər ciddi dərəcədə dəyişdiyini dərk edə bilmir. Çox şikayət etmir, sadəcə nəyinsə düz olmadığını anlayır”.
Aktyorluqdan uzaqlaşandan sonra Uillisin yaxın çevrəsinin kiçildiyi də bildirilir. İddialara əsasən, əvvəllər onunla sıx əlaqədə olan bir sıra Hollivud simaları artıq aktyorla maraqlanmır.