QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Yer üçün potensial təhlükə yaradan asteroidin nüvə partlayışı ilə istiqamətini dəyişmək imkanlarını araşdıran alimlər təsir bucağının əhəmiyyətini müəyyən ediblər.
ABŞ-nin Sandia Milli Laboratoriyasının tədqiqatında asteroidlərin mürəkkəb forması və nahamar səthi nəzərə alınmaqla yeni kompüter modeli qurulub. Hesablamalara əsasən, güclü rentgen şüalanmasının hansı tərəfdən yönəldilməsindən asılı olaraq asteroidin sürətindəki dəyişiklik təxminən beşqat fərqlənə bilər.
Modellərdən birində asteroidin sürəti bir istiqamətdən təsir zamanı saniyədə 3,9 millimetr dəyişib. Digər istiqamətdə isə dəyişiklik saniyədə 0,8 millimetr olub. Tədqiqatçılar fırlanma hərəkətində bundan da nəzərəçarpan fərqlər meydana çıxa biləcəyini bildiriblər.
Araşdırma hələ nəzəri modelləşdirmə səviyyəsindədir. Belə müdaxilənin kosmos şəraitində nə qədər təhlükəsiz və səmərəli olacağını aydınlaşdırmaq üçün əlavə tədqiqatlar aparılmalıdır.