QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Fransa Avropa ölkələrində supermarketlərin soyuducu sistemlərinə qarşı həyata keçirilən kütləvi kiberhücumlara görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ittiham edib. Bununla əlaqədar İranın müvəqqəti işlər vəkili Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransanın xarici işlər naziri Jan-Noel Barro İran diplomatının nazirliyə dəvət olunduğunu təsdiqləyib. O, bu cür kiberəməliyyatlara cavab olaraq Avropa İttifaqının İrana qarşı sanksiyalarının daha da sərtləşdirilə biləcəyini bildirib.
İran isə bu qəbildən olan hücumlarda iştirakını rəsmi şəkildə inkar edir və irəli sürülən ittihamları əsassız sayır.
Noyabrın 2-də Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu və dondurucu bölmələri haker hücumu nəticəsində fəaliyyətini dayandırıb. Belçika, Lüksemburq, İsveç, İrlandiya və Estoniyada “Delhaize”, “Spar”, “SuperValu” və “ICA” daxil olmaqla onlarla iri supermarket şəbəkəsində məhsulların donu açılıb və ciddi zərər yaranıb.
Fransada da oxşar kiberhücum qeydə alınıb: ölkədə yüzlərlə ərzaq mağazasının soyutma sistemi sıradan çıxıb.