QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsi və faiz dəhlizinin parametrlərini dəyişməyib. Uçot dərəcəsi 6,5 faiz, dəhlizin aşağı həddi 5 faiz, yuxarı həddi isə 7,5 faiz olaraq qalıb.
Uçot dərəcəsi Mərkəzi Bankın digər banklara verdiyi kreditlərə tətbiq etdiyi faizdir. Faiz dəhlizinin aşağı həddi Mərkəzi Bankın bir günlük müddətə cəlb etdiyi vəsaitlər üzrə, yuxarı həddi isə həmin müddətdə yerləşdirdiyi vəsaitlər üzrə faiz dərəcəsini müəyyən edir.
İqtisadçı Eyyub Kərimli uçot dərəcəsinin dəyişməməsini mövcud şəraitdə balanslı pul-kredit siyasətinin göstəricisi kimi qiymətləndirib. Onun sözlərinə görə, qərara inflyasiya risklərinin qalması, xarici bazarlardakı qeyri-müəyyənlik və iqtisadi aktivliyi qorumaq ehtiyacı təsir edib.
Kərimli bildirib ki, faizlərin artırılması kreditləri bahalaşdıraraq sahibkarlığa mənfi təsir edə bilər. Dərəcələrin aşağı salınması isə inflyasiya təzyiqini gücləndirə bilər.
İqtisadçının fikrincə, Mərkəzi Bank hazırda qiymət sabitliyi ilə iqtisadi artım arasında tarazlığı qorumağa çalışır. İnflyasiya riskləri azaldığı təqdirdə, gələcəkdə faizlərin mərhələli şəkildə endirilməsi mümkündür.