QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin nə vaxt sona çatacağı barədə qərarı özünün verəcəyini açıqlayıb.
Ağ Evin sosial şəbəkə hesabında yayılan məlumata əsasən, Tramp Şükranlıq Günü münasibətilə ABŞ hərbçiləri ilə telefon danışığında İranla bağlı hərbi əməliyyatları, Yaxın Şərqdəki durumu və beynəlxalq məsələləri müzakirə edib.
İranla müharibəyə toxunan ABŞ Prezidenti qələbənin yaxınlaşdığını söyləyib. O bildirib ki, nəticənin əldə olunması, əsasən, özünün nə vaxt bunu istəməsindən asılıdır. Trampın sözlərinə görə, Vaşinqton xoş niyyət göstərməyə və İranın razılığa gəlməsi üçün imkan yaratmağa çalışır. O, bunun çoxsaylı insanın həyatını xilas edə biləcəyini deyib, lakin İranın bu fürsətdən yararlanacağına əmin olmadığını əlavə edib.
Tramp İranın yeraltı nüvə obyektlərinin olduğu ehtimal edilən Kazma dağı ətrafına zərbə endirilməsi məsələsinə də münasibət bildirib. “Oranı, şübhəsiz ki, vurarıq. Lakin həmin ərazidə diqqətəlayiq hər hansı fəaliyyət müşahidə etməmişik”, – deyə o qeyd edib.
ABŞ Prezidenti Yaxın Şərqdə gələcəkdə sülhün təmin olunmasını istədiyini bildirib. Bununla yanaşı, onun sözlərinə görə, başlıca məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni bitirmək istədiyinə inandığını da söyləyib. O, bu məqsədə çatmaq üçün tərəflərin qarşılıqlı səylərinin vacib olduğunu qeyd edib. Tramp həmçinin Ukrayna tərəfinin və NATO-nun da müharibənin sona çatmasını arzuladığını düşündüyünü deyib.