QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo iqamətgahında NATO-nun baş katibi Mark Rutte ilə görüşünün təfərrüatlarını sosial şəbəkədə açıqlayıb.

Trampın bildirdiyinə görə, tərəflər ABŞ müdafiə sənayesinin istehsal etdiyi silah sistemlərini, həmçinin onun Çində Rusiya Prezidenti Vladimir Putinlə apardığı görüşü müzakirə ediblər.

ABŞ lideri NATO-ya tikintisi davam edən 20-dən artıq yeni müəssisədə müdafiə şirkətlərinin əldə etdiyi irəliləyiş barədə məlumat verdiyini qeyd edib. Onun sözlərinə əsasən, müəssisələr “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri, “Tomahawk” raketləri, eləcə də hücum və müdafiə üçün nəzərdə tutulan yeni silahların istehsalına yönəlib.

Tramp bu silahların hələ ictimaiyyətə və başqa ölkələrə göstərilmədiyini vurğulayıb. O, ABŞ-nin indiyədək belə həcmdə hərbi texnika və sursat istehsal etmədiyini, müttəfiqlər və tərəfdaşların da bundan yararlanacağını bildirib.

ABŞ Prezidenti Çində Putinlə görüşü barədə Rutteyə məlumat verdiyini də deyib. Trampın sözlərinə görə, danışıqlar zamanı o, Rusiya liderindən Avropa ərazilərinə yönələn bütün hərbi hücumları dayandırmağı tələb edib.

Tramp Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunacağına ümid etdiyini və bunu kifayət qədər real ehtimal saydığını bildirib. Onun fikrincə, münaqişənin sona çatması hər kəs üçün böyük qazanc olacaq.