QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli istiqamətində diplomatik fəaliyyətini artırıb. Bu barədə “The Washington Post” qəzetinin köşə yazarı Devid İqnatius məlumat verib.

Ukrayna ilə bağlı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli məsləhətləşmələrin koordinasiyası Trampın xüsusi nümayəndəsi Cared Kuşnerə həvalə olunub. Vaşinqton, həmçinin Moskva ilə Avropa paytaxtlarının müharibədən sonrakı təhlükəsizlik quruluşuna dair ayrıca danışıqlara başlamasını təklif edib.

ABŞ müzakirələrin hər iki xətt üzrə paralel aparılmasını istəyir. Avropalı diplomatlar isə ilkin şərt kimi atəşkəsin əldə edilməsini vacib hesab edirlər.

Eyni zamanda, Tramp administrasiyası İran ətrafında gərginliyi azaltmaq üçün Çinlə əməkdaşlığa çalışır. ABŞ maliyyə naziri Skott Bessent Pekindən Tehrana təsir göstərməsini istəyib. Çin rəsmilərinin bu mövqeyə dair mesajları artıq İran rəhbərliyinə ötürdüyü bildirilir.

Bundan əvvəl ABŞ-da keçirilən qapalı müzakirələr zamanı Çin lideri Si Cinpin İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğu fikrini dəstəkləyib.

Ukrayna münaqişəsinin həlli və Yaxın Şərqdəki böhranın ABŞ, Çin və Rusiya liderlərinin Şençjendə baş tutacaq Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində mümkün üçtərəfli görüşündə əsas müzakirə mövzuları olacağı gözlənilir.