QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Latviya, ABŞ, Fransa, Böyük Britaniya və Macarıstanda 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirlər keçirilib.

Tədbirlərdən biri Latviyanın paytaxtı Riqada təşkil edilib. ASAP-ın Riqa nümayəndəsi Sehri Sultanlının moderator olduğu görüşdə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva və Gənclər Fondunun əməkdaşı Zülfiyyə Yaqubova çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbədən, ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpasından bəhs ediblər.

ABŞ-nin Nyu-York şəhərində “Zəfərdən Gələcəyə: Gənclər, İnkişaf və Yeni İmkanlar” adlı tədbir keçirilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Cavid İsmayılov çıxışında Vətən müharibəsində əldə olunan qələbənin əhəmiyyətini qeyd edib.

Londonda “Birlik irsi: Birgə təsir üçün gənclər dialoqu” adlı panel müzakirəsi baş tutub. Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov 8 Noyabr – Zəfər Gününün önəmini vurğulayıb. O, 44 günlük müharibədəki qələbənin şəhid və qazilərin qəhrəmanlığı, eləcə də xalqın birlik və həmrəyliyi nəticəsində əldə edildiyini bildirib.

Paneldə xaricdə təhsil alan azərbaycanlı gənclərin imkanları və karyera perspektivləri, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanıdılmasına verə biləcəkləri töhfə müzakirə olunub.

Fransanın Tuluza şəhərində “Zəfərə Doğru: Xatirədən Sabaha” adlı tədbir təşkil edilib. İsa Məmmədov, Rza Mövsümov, Səidə Namazova və ASAP nümayəndələri çıxışlarında 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətindən, xalqın birliyindən və şəhidlərin qəhrəmanlığından danışıblar.

Görüşdə xaricdə yaşayan azərbaycanlı gənclərin milli dəyərlərin qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsindəki rolu da qeyd olunub. Proqram çərçivəsində Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıb. O, Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsini müharibənin gedişində mühüm dönüş nöqtəsi kimi dəyərləndirib.

Tədbirin proqramında musiqi çıxışları yer alıb, Azərbaycanın Zəfərini və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərini göstərən fotosərgi təqdim olunub.