QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılış mərasimində iştirak ediblər.
Prezidentin 2022-ci ildə imzaladığı sərəncamla Zəngilanda 960 şagird üçün nəzərdə tutulan tam orta məktəbin layihələndirilməsi və inşasına başlanmışdı. 2025-ci ildə isə konsepsiyaya yenidən baxılıb və müəssisə peşə təmayüllü təhsil kompleksi kimi layihələndirilib.
Kompleksdə məktəbəhazırlıq və fənn otaqları, çağırışaqədərki hazırlıq sinfi, “STEAM-STARTERS”, “STEAM-SCIENCE LAB” və “STEAM CHALLENG” məkanları, robot zonaları və laboratoriyalar fəaliyyət göstərəcək. Dərzi, santexnika çilingəri və elektrik montyoru üzrə emalatxanalarla yanaşı, kitabxana, idman və akt zalları, eləcə də yeməkxana yaradılıb.
1,6 hektar ərazini əhatə edən kompleksin həyətində abadlıq işləri görülüb. Burada açıq idman meydançası və qaçış zolağı da salınıb.
İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində infrastrukturun qurulması təhsil müəssisələrinin yaradılmasını da əhatə edir. Zəngilanda kompleksin açılması qayıdan ailələrin uşaqları üçün təhsil imkanlarının yaradılmasına yönəlib. Müəssisənin müasir tədris şəraitinin şagirdlərin bilik və peşə bacarıqlarının inkişafına töhfə verəcəyi bildirilir.
Həmin gün Zəngilan şəhərində 160 yerlik körpələr evi-uşaq bağçası da açılıb. Müəssisə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində inşa edilib.
Bağçada uşaqların təlim-tərbiyəsi, asudə vaxtının təşkili və ilkin bacarıqlarının üzə çıxarılması üçün şərait yaradılıb. Burada oyun, yataq, kompüter və tibb otaqları, idman zalı, həmçinin musiqi, rəqs və akt zalları var. Həyət abadlaşdırılıb, uşaqların açıq havada istirahəti üçün imkanlar yaradılıb.