QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi arayışların verilməsi ilə bağlı yoxlamalardan sonra əməkdaşlar barəsində intizam tədbirləri görülüb.
Yoxlama nəticəsində xəstəxananın 8 əməkdaşı ilə əmək müqaviləsinə xitam verilib. İşdən azad olunanlar arasında poliklinikanın şöbə müdiri Tahir Hacı oğlu Məmmədov da yer alıb. Onun müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edildiyi bildirilir. Həmin bənd əmək vəzifələrinin və ya müqavilə öhdəliklərinin icra edilməməsini, yaxud müvafiq hallarda kobud şəkildə pozulmasını nəzərdə tutur.
Daha 4 əməkdaşa şiddətli töhmət verilib. İşdən çıxarılan 8 nəfərin fəaliyyəti isə aidiyyəti qurum tərəfindən araşdırılır.
TƏBİB-in əməkdaşları oktyabrın əvvəlində Quba Rayon Mərkəzi Xəstəxanasında tibbi arayışların verilməsi qaydasını yoxlamağa başlayıblar. Araşdırmaya arayışların rəsmiləşdirilməsində ciddi nöqsanların aşkarlanması səbəb olub.