QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) gələn il 250 yeni yük vaqonu almağı planlaşdırır. Şirkət həmçinin yeni lokomotivlər əldə edəcək.
ADY-dən bildirilib ki, satınalmalar beynəlxalq nəqliyyat dəhlizlərində artan yük axınına çevik və təhlükəsiz xidmət göstərmək, xidmət səviyyəsini yüksəltmək, eləcə də sərnişin daşımalarının əhatə dairəsini genişləndirmək məqsədi daşıyır.
Hazırda yük əməliyyatlarında ümumilikdə 200-ə yaxın lokomotiv istifadə olunur. Onların arasında Fransada istehsal edilmiş, dəyişən cərəyanla işləyən 40 “Alstom AZ8A” yük elektrovozu, Qazaxıstan və ABŞ-ın birgə istehsalı olan 10 “TE33A” magistral teplovozu, Ukrayna istehsalı 15 “2TE10M” və “3TE10M” magistral teplovozu, həmçinin 55 “TEM2” və 9 “ÇME3” manevr teplovozu var.
Məlumatda qeyd olunub ki, Çin Xalq Respublikasından yeddi yeni “AC-50” magistral teplovozu alınıb. Daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar davam edir.
Yük daşımalarında hazırda təxminən 6 min vaqondan istifadə edilir. Ötən il 300 yeni vaqon alınıb, növbəti il üçün isə əlavə 250 vaqonun alınması planlaşdırılır.