QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qırmızı Körpü Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində yoxladığı 23,6 ton dondurulmuş hind quşu ətinin tələblərə uyğun olmadığı müəyyənləşib.

AQTA-nın açıqlamasına əsasən, ABŞ-də fəaliyyət göstərən LAMEX FOODS INC. şirkətinin istehsal etdiyi, “Universal-SVS” MMC-nin idxal etməyi planlaşdırdığı məhsulun daşınması zamanı temperatur rejimi qorunmayıb. Ətdə xarab olma əlamətləri, qan yığıntıları və axıntılar qeydə alınıb, orqanoleptik göstəricilər də normativlərə cavab verməyib.

Uyğunsuzluqlara görə məhsulun məhv olunması barədə qərar verilib və 23,6 ton hind quşu əti müəyyən edilmiş qaydada utilizasiya edilib.

Agentliyin bildirdiyinə görə, Azərbaycan-Gürcüstan sərhədindəki Qırmızı Körpü nəzarət məntəqəsində aparılan tədbirlər nəticəsində qida təhlükəsizliyi standartlarını ödəməyən məhsulun ölkəyə gətirilməsinin qarşısı alınıb.