QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, işlənmiş avtomobillərin rəsmi dilerlər vasitəsilə satışında ƏDV-nin hesablanma qaydasının dəyişdirilməsi təklif edilir. Layihəyə görə, istehsal tarixindən beş ildən artıq vaxt keçməyən və yalnız nağdsız ödənişlə alınmış ikinci əl avtomobillər satılarkən, üç il ərzində vergi ticarət əlavəsindən hesablanacaq.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bu yanaşmanı müsbət qiymətləndirib. Onun sözlərinə görə, ƏDV-nin yalnız dilerin ticarət marjasına tətbiqi rəsmi satışla məşğul olan şirkətlərin vergi yükünü azalda və onların ikinci əl bazarındakı fəaliyyətinə təkan verə bilər. Alıcılar üçün də avtomobili rəsmi dilerə satmaq, texniki baxışdan keçmiş və zəmanətli nəqliyyat vasitəsi almaq imkanlarının artacağı gözlənilir.

Cəfərov vurğulayıb ki, vergi güzəşti qiymətlərin mütləq azalacağı anlamına gəlmir. Əsas məqamın güzəştdən həm satıcıların, həm də istehlakçıların yararlanması olduğunu deyən ekspert, gələcəkdə qaydanın istehsalından beş ildən çox vaxt keçmiş avtomobillərə də tətbiqini məqsədəuyğun sayır.

Diler şəbəkələri ilə görüşlərdə istehsal tarixindən beş il keçməyən işlənmiş avtomobillərin alqı-satqısında yüksək ƏDV yükü əsas problemlərdən biri kimi qeyd olunub. Rəsmi dilerlərin daxili qaydalarına əsasən, belə avtomobillər komisyon satışla deyil, əvvəlcə diler tərəfindən alınaraq daha sonra satılmaqla rəsmiləşdirilir. Bu səbəbdən vergi yalnız dilerin qazancına deyil, satışın ümumi məbləğinə hesablanır.

Mövcud qayda eyni iqtisadi məzmunlu komisyon satışla müqayisədə rəsmi dilerlər üçün daha yüksək vergi öhdəliyi yaradır. Bu vəziyyət qiymətlərin yüksəlməsinə, rəsmi kanalların rəqabət imkanlarının zəifləməsinə və qeyri-rəsmi ticarətin genişlənməsinə səbəb ola bilər.

Təklifdə beş ildən yeni işlənmiş avtomobillərin rəsmi dilerlər tərəfindən alınıb-satılması zamanı ƏDV-nin yalnız ticarət marjasından tutulması nəzərdə tutulur. Bu üsulun vergitutmanın iqtisadi mahiyyətinə uyğun olacağı, rəsmi bazarı inkişaf etdirəcəyi, şəffaflığı artıracağı və orta, eləcə də uzun müddətdə vergi daxilolmalarına müsbət təsir göstərəcəyi bildirilir.