QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb.
Məktubda İlham Əliyev Lula da Silvanı Braziliya Federativ Respublikasının prezidenti vəzifəsinə təkrar seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edib.
Azərbaycanın Braziliya ilə dostluq əlaqələrinin inkişafına böyük önəm verdiyini qeyd edən Prezident, xalqların mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərin möhkəmlənəcəyinə, ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənəcəyinə inandığını bildirib. O, bu istiqamətlərdə birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.
İlham Əliyev Lula da Silvaya möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqına isə firavanlıq naminə ali dövlət vəzifəsində müvəffəqiyyətlər arzulayıb.