QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, hər gün oxşar saatlarda yatıb oyanmaq infarkt, insult, ürək ritminin pozulması və ürək çatışmazlığı ehtimalının aşağı olması ilə əlaqələndirilib. Tədqiqatçılar ürək sağlamlığı baxımından yuxunun müddəti ilə yanaşı, rejimin ardıcıllığının da önəm daşıdığını bildirirlər.

Bu nəticələr Harvard Tibb Məktəbi və Boston Uşaq Xəstəxanasının alimlərinin araşdırmasında əldə olunub. İşin nəticələri Amerika Ürək Assosiasiyasının (AHA) konfransında təqdim edilib.

Tədqiqatçılar 10 362 yetkin şəxsin bir milyondan artıq gecəyə aid yuxu göstəricilərini təhlil ediblər. İştirakçılar yuxu müddəti, keyfiyyəti və nizamlılığını qeydə alan cihazlardan yararlanıblar. Könüllülərin səhhəti orta hesabla 3,7 il izlənib.

Məlumatların təhlili yatmaq və oyanmaq vaxtlarının tez-tez dəyişməsinin infarkt, insult və ürək çatışmazlığı kimi ciddi ürək-damar problemləri riskinin 20-23 faiz artması ilə əlaqəli olduğunu göstərib.

Alimlərin məlumatına görə, gecələr arasında yuxu müddətinin hər əlavə 29 dəqiqəlik fərqi ürək-damar ağırlaşmaları ehtimalının 24 faiz, ürək çatışmazlığı riskinin isə 20 faiz yüksəlməsi ilə müşahidə olunub.

Araşdırmada yuxu dövrlərinin xüsusiyyətləri ilə ürəyin vəziyyəti arasında da əlaqə müəyyən edilib. Tam yuxu dövrlərinin sayının çoxluğu ürək ritminin pozulması riskinin 28 faiz azalması ilə bağlı olub. Digər tərəfdən, normadan uzun yuxu dövrləri infarkt və ya insult ehtimalının 55 faiz artması ilə əlaqələndirilib.

Müəlliflər ürək sağlamlığını qorumaq məqsədilə həftəsonları da sabit yuxu cədvəlinə riayət etməyi məsləhət görürlər. Onların qənaətincə, hər gün eyni vaxta yaxın yatıb oyanmaq yuxu saatlarının ümumi sayı qədər əhəmiyyətli ola bilər.

Bununla yanaşı, alimlər nəticələrin statistik əlaqəni əks etdirdiyini vurğulayıblar. Tədqiqat qeyri-müntəzəm yuxunun ürək-damar xəstəliklərinə bilavasitə səbəb olduğunu sübut etmir.