QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Expressbank ASC-nin Crambone reklam agentliyi ilə Anım Günü üçün hazırladığı “Yağış yuyur, gün qurudur” imic çarxı “Felis 2026” müsabiqəsində iki kateqoriya üzrə qalib olub. Bank yaradıcı sahədəki ilk iştirakında təqdim etdiyi hər iki işə görə mükafat qazanıb.

Təltifetmə mərasimi noyabrın 4-də İstanbulda, “Brand Week Istanbul” tədbiri çərçivəsində Haliç Konqres Mərkəzində keçirilib.

Oktyabrda açıqlanan nəticələrdə çarx hər iki kateqoriya üzrə qısa siyahıya düşmüşdü. Mərasimdə layihə “Use of Music” (Musiqidən istifadə) və “Writing/Screenplay” (Ssenari) nominasiyalarında qızıl mükafatlara layiq görülüb.

Anım Günü münasibətilə hazırlanan film binaların divarlarından hər gün qarşımıza çıxan şəhidlərin unudulmayan xatirəsinə həsr olunub. Filmin təqdimatında həyatın davam etdiyi, şəhidlərin xatirəsinin isə gündəlik həyatın ayrılmaz parçası olduğu vurğulanır.

Expressbank qazandığı mükafatları Vətən uğrunda həyatını itirən qəhrəmanların xatirəsinə ithaf edib. Bankın mesajında bəzi adların unudulmadığı, bəzi baxışların isə daim bizimlə olduğu qeyd edilir.

Expressbank ASC Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci ildə verdiyi 119 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bankın ünvanı Bakı şəhəri, Y.V. Çəmənzəminli küçəsi, 134C-dir.