QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İraqda federal qüvvələrin neft yataqları və sərhəd keçidləri yaxınlığında təhlükəsizliyi gücləndirməsi Bağdadla Ərbil arasında gərginliyi artırıb. Enerji obyektlərinə dron və raket hücumları, həmçinin büdcə və maaş ödənişləri ilə bağlı fikir ayrılıqları münasibətləri yenidən böhran həddinə çatdırıb.
Rəsmi açıqlamalardakı sərt ifadələr və tərəflərin qarşılıqlı ittihamları fonunda İraqın şimalındakı muxtar regionun statusu, eləcə də mərkəzi hökumətlə səlahiyyət bölgüsü yenidən əsas siyasi mübahisələr sırasına çıxıb.
İraq kürdləri əsasən ölkənin şimal və şimal-şərqindəki dağlıq və dağətəyi ərazilərdə məskunlaşan ən böyük qeyri-ərəb etnik qrupudur. Ərbil, Süleymaniyyə və Duhok bölgənin başlıca siyasi, iqtisadi və mədəni mərkəzləridir. Kürdüstan Demokratik Partiyası (KDP) və Kürdüstan Vətənpərvər İttifaqı (KYİ) uzun illər regionun əsas siyasi qüvvələri olub. Aralarında vaxtaşırı fikir ayrılıqları yaşansa da, Bağdadın addımları qarşısında ortaq mövqe sərgilədikləri hallar da olur.
Region kənardan gələn təhlükəsizlik təzyiqləri ilə də üzləşir. Sərhəd ərazilərində İran müxalifətinə qarşı zərbələr, eləcə də enerji obyektlərinə hücumlar həm sabitliyə, həm də enerji təchizatına təsir göstərir.
İraq kürdlərinin muxtariyyət və siyasi hüquqlar uğrunda mübarizəsi müasir dövlət quruculuğunun başlanğıc dövrünə, XX əsrin əvvəllərinə gedib çıxır. Osmanlı imperiyasının dağılması və Britaniya mandatı dövründən başlayan bu prosesdə Mahmud Bərzəncinin üsyanları, daha sonra Mustafa Bərzaninin rəhbərliyi ilə aparılan mübarizə mühüm mərhələlər olub.
1970-ci ildə imzalanan muxtariyyət sazişi hüquqi çərçivə yaratsa da, mərkəzi hökumətlə qarşıdurmalar davam edib. 1991-ci il Körfəz müharibəsindən sonra İraq qoşunlarının bölgədən çıxması Kürdüstanın faktiki özünüidarəyə keçməsinə şərait yaradıb.
1990-cı illərin ortalarında KDP ilə KYİ arasındakı daxili münaqişə regionun idarəçiliyini müvəqqəti olaraq parçalayıb. Sonrakı razılaşmalar və 2003-cü ildə Bəəs rejiminin devrilməsi isə yeni siyasi mərhələnin başlanğıcı olub. 2005-ci il İraq Konstitusiyası Kürdüstan Regionunun muxtar statusunu, öz qurumlarını və səlahiyyətlərini tanıyıb. Bununla belə, neft-qaz idarəçiliyi və mübahisəli ərazilərin gələcəyi ilə bağlı həllini tapmayan məsələlər sonrakı münaqişələrə zəmin yaradıb.
İraqın dövlət gəlirlərinin əsas hissəsinin xam neft satışından formalaşması büdcənin bölüşdürülməsini və neft ixracını Bağdadla Ərbil arasında əsas ixtilaf mövzularına çevirib. Federal hökumət dövlət sərvətlərinə nəzarəti artırmaq, qaçaqmalçılıq iddialarını araşdırmaq və sərhəd keçidlərini tənzimləmək məqsədilə nəzarət və təhlükəsizlik tədbirlərini genişləndirdiyini bildirir. Ərbil isə bu addımları birtərəfli qərarlar və konstitusion səlahiyyətlərə müdaxilə sayır, sərvətlərin birgə idarə olunmasını müdafiə edir.
Federal büdcədən köçürmələrin gecikməsi və dövlət qulluqçularının maaşlarının verilməməsi əhalinin gündəlik həyatına təsir edir. Son günlər təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi barədə ziddiyyətli açıqlamalar, qarşılıqlı inamsızlıq və federal neft-qaz qanununun hələ qəbul edilməməsi böhranı daha da dərinləşdirib.
Tərəflərin planlaşdırdığı dialoq gərginliyin açıq toqquşmaya çevrilməsinin qarşısını almaq üçün əsas siyasi imkan kimi qiymətləndirilir. Razılığın əldə olunması isə konstitusiyada nəzərdə tutulan müddəaların praktik razılaşmalara çevrilməsindən asılıdır.