QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ermənistanın Sünik vilayətindəki ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbsdə saxlanma müddətini üç ay artırıb.
Qərarla bağlı ilkin məlumatı Ermənistan parlamentindəki “Güclü Ermənistan” fraksiyasının deputatı Anuş Mirzoyan sosial şəbəkə hesabında yayıb. İş üzrə ilk məhkəmə iclası bu gün Gorusda keçirilib. Dövlət ittihamçısı Musayev barəsində həbs qətimkan tədbirinin müddətinin artırılmasını istəyib, məhkəmə isə vəsatəti təmin edib.
Ermənistan İstintaq Komitəsi və Baş Prokurorluğunun məlumatına görə, hadisə 2026-cı il oktyabrın 1-də, saat 14:00 radələrində Sünik vilayətinin Sisian icmasına daxil olan Şəki kəndində baş verib. İddialara əsasən, Musayev yaşayış evinə daxil olub və ev sahibi onu gördükdən sonra xidməti silahından altı dəfə atəş açıb. Atəş nəticəsində 1987-ci il təvəllüdlü yerli sakin Ani Avetisyanın yaralandığı bildirilir. Həmçinin qadının özünü müdafiə edərkən hərbçiyə bıçaq xəsarəti yetirdiyi qeyd olunur.
Oktyabrın 2-də Musayev barəsində iki aylıq ilkin həbs qətimkan tədbiri seçilib. Ona Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi, o cümlədən dövlət sərhədini qanunsuz keçmə, odlu silahın qanunsuz dövriyyəsi və qaçaqmalçılığı, mənzil toxunulmazlığının pozulması, eləcə də sağlamlığa ağır zərər vurma ilə bağlı ittihamlar irəli sürülüb.
Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan noyabrın 3-də açıqlayıb ki, Musayev dindirilmə zamanı dumanlı hava səbəbindən yolunu azdığını və heç kimi öldürmək niyyətində olmadığını deyib.
İstintaq Komitəsi noyabrın 13-də cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığını bildirib. Noyabrın 16-da isə Ermənistan Baş Prokurorluğu işin ittiham aktı ilə birgə Sünik vilayət məhkəməsinə göndərildiyini açıqlayıb.