QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi göyərtədə baş verən insidentdən sonra istiqamətini dəyişərək Finiksdə təcili eniş edib.
San-Dieqodan Çikaqoya uçan təyyarədə sərnişinlərdən biri uçuş zamanı çıxış qapısını açmağa cəhd göstərib. Sosial şəbəkələrdə yayılan kadrlarda kabin heyətinin həmin şəxsə müdaxilə etdiyi görünür.
Təhlükəli vəziyyət yarandığı üçün pilotlar təyyarəni Finiksə yönəldiblər. Hava gəmisi “Sky Harbor” Beynəlxalq Hava Limanına məcburi eniş edib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatına görə, hadisə nəticəsində digər sərnişinlər xəsarət almayıblar. Qapını açmağa çalışan şəxs yüngül xəsarət alıb və tibbi müayinə üçün yaxınlıqdakı xəstəxanaya aparılıb.
FAA və yerli hüquq-mühafizə qurumları insidentlə bağlı araşdırma başladıb.