QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimovun Vladimir Putinə Ukraynanın işğal altındakı ərazilərinin bir hissəsindən geri çəkilməyin zərurəti ilə bağlı ciddi məruzə hazırladığı bildirilir.
Bu iddianı politoloq Ruslan Şevçenko səsləndirib. Onun sözlərinə görə, hərbi dairələrdən əldə olunan məlumatlar indiki qüvvələrlə mövcud cəbhə xəttini qorumağın getdikcə çətinləşdiyini göstərir. İnsan itkisi yeni müqaviləli hərbçilərin orduya qəbul tempini üstələyir, təlim keçmiş ehtiyatların isə, demək olar, tükəndiyi bildirilir.
Şevçenko qeyd edir ki, məruzədə ordunun faktiki döyüş potensialı ilə Baş Qərargahın rəsmi məlumatları arasındakı ciddi uyğunsuzluq da göstərilə bilər. Sənədlərdə alayların tam heyətlə təmin olunduğu yazılsa da, real vəziyyətin fərqli olduğu iddia edilir. Ardıcıl hücumlar nəticəsində bəzi batalyonların şəxsi heyəti gücləndirilmiş rota sayına qədər enib.
“Yeni gələn hərbçilər cəbhənin ən təhlükəli sahələrində yaranan boşluqları doldurmaq üçün göndərilir. Buna görə yorğun və ağır itkilər vermiş bölmələri arxa mövqelərə çəkib bərpa etmək mümkün olmur. Nəticədə ordunun ümumi döyüş qabiliyyəti daha da azalır”, – ekspert bildirib.
Onun sözlərinə görə, Baş Qərargahın nəzərdən keçirdiyi variantlardan biri cəbhədəki bir neçə həssas çıxıntının əvvəlcədən boşaldılması və qüvvələrin daha qısa, müdafiəsi asan mövqelərə keçirilməsidir. Bu plan şəxsi heyətdən daha səmərəli istifadə etməyə, təchizat yollarını qısaltmağa, eləcə də Ukrayna ordusunun mümkün yarılmalarına qarşı ehtiyat qüvvə toplamağa imkan verə bilər.
Ekspertin sözlərinə görə, geri çəkilmə qaçılmaz olsa, hərbi rəhbərlik bunun düşmən hücuma başlamazdan və geri çəkilmənin istiqamətini müəyyən etməzdən əvvəl, əvvəlcədən planlaşdırılmış qaydada aparılmasını vacib sayır. Əks halda, təşkil olunmuş manevr nəzarətsiz geri çəkilməyə çevrilə bilər.
Lakin belə bir planın həyata keçirilməsinə siyasi maneə yarana bilər. Vladimir Putin Rusiyanın öz ərazisi elan etdiyi bölgələrdən hər hansı bir hissənin verilməsinə qarşıdır. Geri çəkilmə Kremlin cəbhədə irəliləyişin davam etdiyi barədə yaratdığı təsəvvürü poza və hakimiyyəti ictimaiyyət qarşısında çətin duruma sala bilər.
Bir neçə ildir davam edən müharibə şəraitində ərazilərdən çəkilmək qərarını izah etmək Kreml üçün ciddi siyasi çətinlik yarada bilər. Alternativ kimi Baş Qərargah yeni səfərbərlik elan edib cəbhəyə əlavə bir neçə yüz min nəfər göndərilməsini nəzərdən keçirir. Bununla belə, bu addımın iqtisadi, sosial və hərbi nəticələrinin ağır ola biləcəyi qeyd olunur.
Beləliklə, Kreml iki mürəkkəb seçimlə üzləşə bilər: siyasi baxımdan çətin geri çəkilməyə razılaşmaq, yaxud mövcud cəbhə xəttini qorumaq üçün müharibəyə əlavə insan resursları cəlb etmək.